Araşdırma, автор: zeferan
BƏNÖVŞƏYİ SARI ÇİÇƏK
2006-03-15 – 17:24:00
Dünyanın padşahı olsaydım, şəhərlərdə tində-bucaqda avaralananları yığıb boş torpaqlara göndərərdim. Hərəsinə bir bel verib yer qazdırardım. Mümkün olan bütün əraziləri bənövşəyi bir bitki ilə bəzəyərdim. Onda Yer kürəsində əsil cənnət yaranardı.
Bir neçə il öncə atamın saysız-hesabsız alətlərinin içərisindən ən böyük beli seçib düşdüm həyətimizin canına. Elə bil ulu babalarımın haradasa basdırdığı xəzinəni axtarırdım. Abşeron şəraitində torpağın ən çətin qazıldığı vaxt avqust ayıdı, çünki qum qupquru və çox isti olur. Böyük əziyyətlə xəzinəni tapa bildim. Yerin altından çoxlu zəfəran soğanı çıxdı. Elə o gündən tapdığım bu qızılın-zəfəranın vurğunuyam.
Zəfərana “sarıçiçək” dedi
Boynuma almalıyam ki, uşaqlıqdan milli ənənələrə, musiqiyə və atributlara etinasız olmuşam. Həmişə özümdən soruşurdum ki, görəsən nənələrimdən qalan xalça-palazlar, mis qablar, babamın köhnə nərdtaxtası nə vaxtacan gözümü yoracaq, televizorda da daim Zeynəb Xanlarova, Rübabə Muradova, Şövkət Ələkbərova oxuyacaq? Aman Allah, muğamatdan da cansıxıcı musiqi varmı? Elə hey istəyirdim ki, başımı götürüb gedim bir yana, çünki həmişə eyni şeylər təkrar olunurdu. Atamın yetişdirdiyi əncir, üzüm, xar tut, nar və zəfəranı lazımsız sayırdım. Ürəyim Moskvada daddığım “Pepsi-kola”nı, “Baykal”ı və bananı istəyirdi.
Uzun illər sonra uzaq Rusiyada həsrətlə çox baha qiymətə satılan narları dənə-dənə alanda elə bil daxilimdə nəsə dəyişdi. Hər şey öz yerini tutdu, necə deyərlər, öz vaxtında. Disko, caz və xard rokdan yorularaq qayıtdım dədə-baba muğamatına. İndi daha başqa musiqini dinləmirəm. Nə vaxtsa atama bağışladığım “Azərbaycan milli dəstgahları” adlı köhnə vinil komplektini sakitcə gətirib qoydum öz rəfimə. Hərdən dinləyirəm, amma üstündə çox əsirəm ki, bunlardan daha yoxdu. Nənəmin mis qabları isə çox qiymətli olub.
Günlərin bir günü anladım ki, insan öz-özlüyünü tapanda əsil xoşbәxtliyə qədəm qoyur. Yad dillər, ənənələr, qida məhsulları bizi öz yolumuzdan çaşdırır, özgə həyat tərzi formalaşdırır, çox açıq mini yubka geyən tükəzbanlara və mütrüflər kimi dingildəyən məmmədlərə çevrilirik. Mən həyətimizdən artıq öz qızılımı tapmışam. Bircə istədiyim odu ki, onu hamı ilə bölüşdürüm. Bu yaxınlarda hansısa məclisdə cavan bir qız zəfərana “sarıçiçək” dedi. Deyəsən, nəyləsə qarışıq salır. Yəqin pepsi-kolanın təsirindəndi. Eybi yox, Dədə Qorqud demişkən, hələ tam qırılmamışıq, varıq. Zəfəranlı plovumuz da yerindədi.
Zəfəran qadın kimi incə və şıltaqdı
Zəfəran ərəb mənşəli “zə-fran” sözündən əmələ gəlib və “sarı rəng” mənasını ifadə edir. Bu bənövşəyi çiçəyə yeməyi sarı rəngə boyadığına görə “zə-fran” adını veriblər.
Zəfəranı ədviyyələrin şahı hesab etmək olar. Zəfəran qadın kimi incə və şıltaqdı. Adətən payız aylarında çiçəkləyən zəfəran üç tünd qırmızı dişicikdən və üç sarı erkəkcikdən ibarətdi. Məhz üç qırmızı dişicik əsl zəfəranı təşkil edir. O son dərəcә gözəldi. Elə bil öz gözəlliyi və mənəvi qüvvəsi ilə ətrafdakılara acıq verir. Zəfəran başqa ədviyyələri sevmir. Yəni hansısa yeməkdə ondan istifadə edilərsə, o yalnız tək olmalıdı. Öz qüvvəsinə görə Çin jenşeninə bərabərdi.
Zəfəranın vətəni barəsdә müəyyən fikir ayrılığı var. Hindistan, Çin, Türkiyə, İran, Suriya kimi ölkələr zəfəranı dünyaya bəxş edən yerlər sayılır. Bəzi mənbələr göstərir ki, ərəb istilaları nəticəsində zəfəran Avropayacan yayılıb. Hazırda daha çox İspaniyada, Fransanın cənubunda, İtaliyada, Krımda, Qafqazda və Azәrbaycanın Bilgəh qəsəbəsində yetişdirilir.
Dünya bazarında ən keyfiyyətli zəfəran İspaniyada bitir. Məsələ orasındadı ki, zəfəranın növləri çoxdu. Təbii ki, müxtəlif iqlim şəraitində yetişdirilən zəfəranın keyfiyyəti də müxtəlif olur. İrandan Azәrbaycana külli miqdarda aşağı keyfiyyətli mal gətirilir ki, yerli Bilgəh zəfəranı ilə müqayisə edilə bilməz. İspan zəfəranını məşhur “Rasa” firması satır. Zəfəran ədviyyələrin ən bahalısıdı. Orta əsrlərdə belə bir ifadə var idi: “Zəfəran kimi bahalı”. Zəfəran ən çox işlənən qara istiotdan qat-qat baha olub. Hindistan və ərəb ölkələrində zəfərandan nəinki ədviyyə, həm də bahalı dərman kimi də istifadə edilirdi. Orta əsrlərdə zəfəran əsasən krallara, imperatorlara, Roma papalarına verilən ən layiqli hədiyyələrdən sayılırdı. Hətta Almaniyada yalançı zəfərana görə insanları odda yandırırdılar.
Bilgəh zəfəranının tarixi
Bir qədər tarixə nəzər salsaq, məlum olar ki, Azərbaycanda artıq 9-cu əsrdə zəfəran becərilirdi və digər ölkələrə ixrac olunurdu. Bizim çox qədim və maraqlı zəfəran mədəniyyətimiz var. Şimali Azərbaycanda əsasən Abşeronda yetişdirilirdi. Səbəbi isə sadədi. Zəfəran quru və isti iqlim şəraitini sevir, amma vaxtı gələndə məhz təbii yağış suyuna ehtiyacı var.
Abşeronun da hər yeri zəfərana yaramır. Məsələn, Zabratın və ya Lökbatanın gilli torpağında və rütubətli şəraitində tezliklə çürüyür. Məhz buna görə 1927-ci ildə Bilgəh kəndində zəfəran sovxozu yaradılıb. Doğrudu, sovxozun böyük məhsuldarlıqla işlədiyini söyləmək çətindi, çünki sovxoz 150 kiloqramacan məhsul verəndə bu böyük uğur sayılırdı. Halbuki bir neçə əsr öncə bundan 100 dəfə artıq məhsul almaq mümkün olurdu. Bunun səbəblərini sovet iqtisadi sistemində, zəfəran əkənlərin maraqlı olmamağında görmək olar.
Әsil səbəb isə daha dərindədir. Çox güman ki, məhsuldarlığın aşağı düşməsi insan fəaliyyəti ilə bağlıdı. İnsanın Abşeronun əvəzolunmaz ekologiyasına vurduğu ziyanı heç bir pulla ölçmək olmaz. Maddi nemətlər dalınca qaçan və öz rahatlığına görə ətraf mühiti korlayan digər bir yırtıcı tapmaq çox çətindi. Abşeronun mühitinin dəyişməsi təkcə zərərli maddələrin, zir-zibilin artması və havanın, suyun çirklənməsi ilə əlaqədar deyil. Hansısa nisbətin pozulması da ətraf mühiti dəyişdirir. İnsan övladı Abşeronda suyun səviyyəsini artırıb və bununla da yerli bitkilərin yetişdirilməsinə əngəl törədib. Suyun artıqlığı əncirin, üzümün şirnisinin azalmasına, zeytunun yağlılığının aşağı düşməsinə, zəfəranın çürüməsinə, püstənin yoxa çıxmasına gətirib çıxarır.
Fındıq qədər balaca, alma kimi böyük
Zəfəran soğanaqlı zanbaqçiçəklilər fəsiləsindən olan çoxillik bitkidi. Soğanaqlar həm adi fındıq qədər balaca, həm də alma kimi böyük ola bilir. Torpaq altından çıxarılan soğanaq tünd qəhvəyi rəngdə olur. Üzərindəki qabıqlar soyulduqca aşağıda qalan qabıqların rəngi açıq qəhvəyiyə çevrilir. Deyirlər ki, soğanaqdan çıxan hər qabıq qatı onun neçə il torpaq altında qalmasına dəlalət edir. Hər soğanaq orta hesabla 1 gül verir, amma böyük soğanaqlar 2 gül də verə bilər.
Soğanaqlar bölünmə yolu ilə artır. Özündən 2 gül verən soğanaq mütləq həmin il parçalanır, bir növ balalayır. Hər mövsümdə soğanaqları yerdən çıxarıb aralamaq, təmizləmək və qurutmaq gərəkdi. Bu işi iyun-avqust aylarında görmək olar. Həddən artıq balalamış soğanaqlar torpaqda uzun müddət qalanda məhsul vermir və əriyib yoxa çıxır. Həmçinin torpaqdan çıxmış zəfəranın yerinin dəyişdirilməsi məsləhət görülür. Soğanağın aşağı hissəsində dərin çökəklik var. Sentyabr-oktyabr aylarında havada rütubətin artması ilə əlaqədar zəfəran kök atmağa başlayır və yuxarı hissəsindən hündürlüyü 20-25 santimetr olan yaşıl hissə əmələ gəlir. Hərdənbir rütubət artıq olanda yaşıl hissənin ən hündür səviyyəyə, yəni 50-70 santimetrə çatdığı müşahidə olunur. Ola bilər ki, bu halda zəfəran gülü əmələ gəlməsin. Təbiətdə hər şey düz mütənasibdi. Bitkinin yaşıl hissəsi onun kökünə uyğun olmalıdı. Bu halda zəfəran gülü tam dəqiqliyi ilə əmələ gəlir.
Zəfəran müəyyən sıra ilə əkilməlidi ki, aralarında əmələ gələn alaq otlarını təmizləmək mümkün olsun, çünki zəfəran tapdanmağı sevmir. 1 kiloqram quru zəfəranın alınması üçün, müxtəlif mənbələrin göstərdiyinə görə, 100 min, 300 min çiçəyin yığılması tələb olunur.
Zəfəranın qurudulması xüsusi məharət tələb edir. Adi şəraitdə dişicikləri qaranlıq və quru yerdə qurutmaq olar. İspaniyada zəfəranı içərisində közərdilmiş kömür olan xüsusi ələklərdə 15-20 dəqiqə saxlamaqla qurudurlar. Qurudulmuş zəfəranı ağzıbağlı şüşə qabda saxlamaq gərəkdi. Quru və qaranlıq yerdə o, təravətini 10-15 il saxlaya bilir.
Əkin sahələri olmayan və bina evlərində yaşayan insanlar öz gözəl gülünə görə zəfəranı bəzən dibçəklərdə yetişdirirlər. Bu zaman bir sıra problemlərlə qarşılaşırlar. Bir-iki il gül verən soğanaq üçüncü il yoxa çıxır, çürüyür. Səbəbi sadədi. Bütün soğanaqları, tərəvəzləri quru qumda uzun müddət saxlamaq olur. Zəfəran soğanağı da təbii şəraitdə özünü gözəl hiss edir. Artıq rütubət ona ziyandı. Dibçəkdə ola bilər ki, insan tərəfindən suvarılan və ya yağış altında qalan soğanaq bütün il boyu rütubətdən əzab çəkir və məhv olub gedir.
Əgər gözəl gülünə görə dibçəkdə zəfəran əkmək istəyirsinizsə, onda hər il soğanın dibçəkdən çıxarılıb qurudulması və avqustun sonunda təzədən əkilməsi məsləhətdi. Qətiyyən dibçəyin suvarılmasına yol vermək olmaz. Yalnız oktyabr ayında bu mümkündü.
Zəfəran dərmandı
Zəfəran xoş əhval-ruhiyyə əmələ gətirir. Zəfəranın tərkibində əsasən iki maddə var: pikrokrosin və krosin. Pikrokrosin parçalandıqda efir yağlarını əmələ gətirir. Krosin isə zəfəranın boyayıcı maddəsidi.
Zəfəranın müalicəvi əhəmiyyəti barədə çox yazılıb. İlk növbədə o, insanın beyin-sinir sisteminə təsiri ilə seçilir. Zəfəran insandakı xoşbəxtlik hormonu serotoninin miqdarını artırır, xoş əhval-ruhiyyə əmələ gətirir, tonusu yüksəldir. Sözsüz ki, zəfəran ürək-damar sistemini möhkəmləndirir. Mədə-bağırsaq xəstəliklərində əvəzsizdi. Onu iyləmək başağrısını, göy öskürəyi və ağciyər xəstəliklərini aradan qaldırır. Qaraciyər və öd kisəsinin fəaliyyətinə çox müsbət təsir edir. Qadınların hormonal sistemini tənzimləyir, aybaşıların normaya düşməsinə kömək edir. Doğumu gecikən hamilə qadınlara böyük miqdarda verildikdə bu prosesi sürətləndirir, amma xüsusi ehtiyat tələb edir.
Bəzi mübahisəli məqamlar da mövcuddu. Məsələn, Oruc İbadlı özünün “Zəfəran” kitabında balla qarışdırılmış zəfəranın böyrək daşının tökülməsində rolunu qeyd edir. Xalq təbabəti də bunu təsdiqləyir. Orta əsr mənbələri isə zəfəranın böyrəklər üçün zərərli olduğunu göstərir. Tez-tez yeyildikdə iştahanı azaldır və başağrısı verir. Çox böyük dozalarda insan həyatı üçün təhlükəlidi. Orta hesabla hər ailə üzvünə illik norma 1 qram müəyyən edilib. Bəzi ciddi xəstəliklərdə bu norma yuxarı da ola bilәr. Ümumiyyətlə zəfəranı, ümumiyyətlə hər bir ədviyyəni istifadə edərkən ehtiyatla davranmaq gərəkdi, artıqlığa heç bir halda yol vermək olmaz. Ədviyyələr həddindən ziyadə işlədiləndə orqanizmə çox böyük ziyan vura bilər.
Zəfəran bədənə quruluq və istilik verir. Onun müalicəvi əhəmiyyətini hələ qədimdən bilənlər zəfəranı milli mətbəximizdə və şirniyyatlarda gen-bol istifadə ediblər. Bütün Azərbaycan mətbəxinin əsasını məhz zəfəran təşkil edir, çünki həm də gözəl rəngə malikdi. Plov, piti, halva, şəkərbura və paxlavada istifadə edilir.
Yeməklərdə və müalicəvi reseptlərdə zəfərandan istifadə edəndə onun keyfiyyətinə fikir vermək gərəkdi. Bazarda zəfərana bənzər ədviyyələr çoxdu. Zəfəran kəskin iyiylə, tünd-qırmızı rəngiylə seçilir.
İnsan doğulduğu gündən nəyisə axtarır. Kiməsə pul, var-dövlət, kiməsə şan-şöhrət lazımdı. Çoxları isə malik olduğunu öz ayaqları altında seçə bilmir. Mən öz xəzinəmi tapmışam və bu qızıl insanları xoşbəxt etmək qüdrətindədi.
İsmayıl İSMAYILOV
Fotoları müəllif Bilgəhdəki bağ evlərində çəkib.





